III bölmə
Əxlaq və dini-əxlaqi normalar
Əxlaq


İslam peyğəmbəri (s) həzrət Məhəmməd (s) özünün həmişəyaşar kəlamı ilə (Həqiqətən, gözəl əxlaqi normaları təkmilləşdirmək üçün məbus oldum) peyğəmbərliyinin başlıca məqsədini açıqladı. Qurani-kərim İslam peyğəmbərini (s) mədh etmək istədikdə ona muraciətlə buyurur:
اِنَّکَ لَعَلی خُلقٍ عظیم
“Həqiqətən sən gözəl və böyük əxlaqi xüsusiyyətlərə maliksən”.
Bu, İslamın əxlaqa böyük əhəmiyyət verdiyini göstərir.
İslam, əxlaqı dindarlıq, təqva və pərhizkarlıqla birgələşdirir və onun dörd əsas formasını göstərir:
1) İnsanların bir-birlərinə qarşı xoşniyyətli olması; 2) cəmiyyətdə yaşayan insanlara qarşı gülərüz olmaq; 3) insanlara, dost və ya düşmən olmasından asılı olmayaraq, şirin və xoş dillə danışmaq; 4) nəinki insanlarla, həm də bütün varlıqlarla xoş və mülayim rəftar etmək.
Ədəb qaydalarının isə iki möhkəm əsası olduğunu göstərir:
1) Fərdi ədəb qaydaları; yemək və içmək, geyim, yatmaq, səfər, sağlamlıq, xəstələnmək və s. İslam bütün bunlar haqqında ayrıca dini-faydalı göstərişlər vermışdir.
2) İctimai ədəb qaydaları; valideyn-övlad, övlad-valideyn münasibətləri, qohumlar, müəllim-şagird münasibətləri, dost, qonşu, ümumiyyətlə bütün insanların bir-birləri ilə davranışı. Bu davranışlara diqqət yetirmək cəmiyyətin şən, mehriban olmasının qarantıdır.
Əxlaqi baxımdan əməl olunması və ya tərk edilməsi zəruri olan məsələlərə qısaca nəzər salaq:

Haram əməllər.
İslamda qadağan olunan əməllər “haram” adlandırılır.
Haram əməllər aşağıdakılardır:
1) Zülm və haqsızlıq; 2) israf; 3) başqalarını məsxərə etmək; 4) xalqa əziyyət vermək; 5) digərlərinin sirrini açmaq; 6) yalan; 7) ata-ananı narahat etmək; 8) xalq əmlakını mənimsəmək; 9) zina; 10) homoseksualizm; 11) qadının naməhrəm kişiyə və kişinin də naməhrəm qadına baxması; 12) şərab içmək; 13) qumar oynamaq; 14) rüşvət almaq; 15) murdar, donuz və digər haram ətləri yemək; 16) icazəsi olmadan digərlərinin malından istifadə etmək; 17) alverdə aldatmaq; 18) kişilər üçün qızıl ləvazimatından istifadə; 19) sələmçilik; 20) fırıldaqlıq; 21) istimna; 22) digərlərinin sirrini öyrənməyə can atmaq; 23) qeybət və söz gəzdirmə; 24) (haram musiqi və səslərə) qulaq asmaq və haram musiqilər oxumaq; 25) terror etmək; 26) oğurluq; 27) digərlərinin pozğun əməlləri üçün şərait yaratmaq; 28) xəyanət; 29) Qurana zidd hökm vermək; 30) digərlərinin hüququnu pozmaq; 31) kafir və zalımlarla həmkarlıq etmək; 32) acı sözlərlə başqalarını incitmək və s.

Ədəb qaydaları.
Möminlərə zinət olan fəzilətli əməllər aşağıdakılardır:
1) İnsaf; 2) yaxşı işlərdə həmkarlıq; 3) səbir və mətinlik; 4) xalq arasında barışıq, sülh yaratmaq; 5) əməldə ixlas; 6) Allaha təvəkkül; 7) helm və dözümlülük; 8) valideynlərə - ata-anaya yaxşılıq; 9) ehsan vermək; 10) iffət; 11) uca səslə salam vermək; 12) təmizlik; 13) elm öyrənmək; 14) xalqla yaxşı, səmimi davranmaq; 15) səxavət; 16) şücaət və qorxmazlıq; 17) sileyi-rəhm (qohumlarla əlaqə saxlamaq); 18) heç bir işdə həddini aşmamaq; 19) yaxşı və nümunəvi əxlaq; 20) yoxsullara, kimsəsizlərə yardım göstərmək; 21) təvazökarlıq; 22) ehtiyacı olanlara yardım etmək; 23) digərlərinin səhvinə göz yummaq; 24) pərhizkarlıq (təqva); 25) doğru danışmaq; 26) digərlərinə ehtiramla yanaşmaq; 27) gülərüz olmaq; 28) pis əməllərdən çəkinmək; 29) ailə qurmaq; 30) Allahın nemətlərinə qarşılığında şükür etmək.

Məkruh əməllər
İnsanı uçuruma sürükləyən bəyənilməyən (məkruh) əmələr aşağıdakılardır:
1) İntiqam hissi; 2) təkəbbürlü olmaq; 3) sərvət toplamaq (və dünyaya bağlılıq); 4) eqoistlik; 5) faydasız işlər görmək; 6) faydasız sözlər danışmaq; 7) üzərinə düşən vəzifənin icrası zamanı tənbəllik etmək; 8) qorxu; 9) fəlakət zamanı səbirsizlik; 10) vəzifəpərəstlik; 11) əhdə vəfa qılmamaq və ya verdiyi sözə əməl etməmək; 12) tamahkarlıq; 13) iradəsizlik; 14) yersiz təəssübkeşlik; 15) tərdidli olmaq; 16) kin bəsləmək; 17) tələsmək; 18) Allahı yada salmamaq və Ona diqqətsizlik; 19) əxlaqsızlıq; 20) daşürəkli olmaq; 21) minnət qoymaq və s.
Qeyd etdiyimiz bu əməllər hamısı müstəhəb və ya məkruh deyil, arasında vacib və ya haram olan əməllər də mövcuddur.
Deməli, hər bir müsəlman şəxs etiqadi prinsiplərini öyrənməklə yanaşı dinin ədəb qaydalarını da mənimsəməli və onlara əməl etməyə çalışmalıdır. Əks təqdirdə qanadsız quşa, təkərsiz maşına bənzəyəcəkdir. Hansı ki, hərəkət etmək qabiliyyətindən məhrumdur. Müsəlman şəxslərin yalnız mən müsəlmanam deyə iddia etməsi kifayət deyil. Bu zaman o, sağlam olduğunu iddia edən xəstəyə bənzəyəcəkdir. Xəstənin mən sağlamam deyə iddia etməsi, onun halının dəyişməsinə səbəb olmadığı kimi, dini qayda-qanunlara əməl etməyən müsəlmanın iddia etməsi də faydasızdır. Dünyamızı abad, axirətimizi isə ürəkaçan etmək üçün sözümüzlə əməlimizi bir etməliyik.