Bismillahir rəhmanir rəhim
 

Müsəlmanın yalnız özünü müsəlman adlandırıb, lakin insana xoşbəxt həyat bəxş edən İslam dininin göstərişləri ilə tanış olmayıb, ona əməl etməməsi kifayət deyil. Çünki həqiqi müsəlman olmağın yolu İslam buyuruqlarına əməl etməkdən keçir. İdrak və təfəkkürünü İslamın sarsılmaz etiqadi prinsiplərinə uyğun şəkildə formalaşdıran şəxs həqiqi müsəlman sayılır. Belə şəxs dünyada rahat və maraqlı ömür sürür, axirətdə isə cənnətlə mükafatlandırılır. Elə buna görə də hər bir müsəlmanın İslamın etiqadi prinsiplərini mənimsəməsi və onları həyata keçirmək istiqamətində hədsiz səy göstərməsi zəruri hesab edilir.
İslam təlimləri aşağıda göstərilən üç hissəyə bölünür:
1) Etiqadi prinsiplər (üsulud-din).

2) praktiki və dini-hüquqi göstərişlər (füruud-din) və.

3) əxlaq (etik normalar).
İslamın etiqadi prinsiplərinə əqidə bəsləyən, praktiki və dini-hüquqi göstərişləri həyata keçirən və İslam əxlaqı ilə özünü zənginləşdirən şəxs hər iki dünyada səadətə qovuşacaqdır.